Hamlet İsaxanlının qızını döyən qardaşlardan biri həbs olunub

Hamlet İsaxanlının qızını döyən qardaşlardan biri həbs olunub "Vəkillə məsləhətləşəndən sonra qərar verəcəyik"
Hadisə
18 Mart , 2015 14:09

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən Zaur və Elin Məmmədov qardaşlarına açılmış cinayət işi üzrə məhkəmə prosesləri davam etdirilib. “Report”un xəbərinə görə, qapalı keçirilən proseslərdən birinə, hakim Rizvan Səfərov, digərinə isə hakim Sahibxan Mirzəyev sədrlik edib.

Hakim S.Mirəzeyevin sədrliyilə keçirilən prosesin yekununda Zaur Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Hakim R.Səfərov isə Xətai rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Yəni, Elin Məmmədov həbs olunmayıb.

Məmmədov qardaşlarının anası jurnalistlərə açıqlamasında məhkəməyə buraxılmadığını deyib. O, yuxarı instansiya məhkəməsinə müraciət edib-etməyəcəkləri ilə bağlı qərar vermədiklərini də bildirib: "Vəkillə məsləhətləşəndən sonra qərar verəcəyik".

Xatırladaq ki, Ü.İsayeva martın 9-da Bakının Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində Zaur Məmmədov və Elin Məmmədov tərəfindən fiziki işgəncəyə məruz qalıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğu Z.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin hakimi Raziyə Ataşova vəsatəti təmin etməyib. Bundan sonra Bakı Şəhər Prokurorluğu apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi