Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunub.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Hazırda Nazirliyin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, bəzi köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.
Bu barədə “Report”un Aran bürosuna Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib.
Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib.
Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat, Nəvahi kəndləri ciddi zərər çəkib.
Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb.
Hazırda təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-nin Muğan Regional Mərkəzinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Həyətlərdən suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür.