Hacıqabul rayonunda fərdi yaşayış evləri ilə həyətyanı sahələrin 65 faizi sel və qrunt sularından təmizlənib.
Bu barədə “Report”un Aran bürosuna Hacıqabul rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov məlumat verib.
Onun sözlərinə görə, rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) Muğan Regional Mərkəzinin 50-dən çox canlı qüvvəsi cəlb edilib. Həyətlərdə yığılıb qalmış qrunt sularını çəkmək üçün 20 su nasosu quraşdırılıb. 30-dan çox müxtəlif təyinatlı texnika hadisə yerinə gətirilib.
Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalan rayon ərazisində həyətyanı sahələrin 65 faizi qrunt sularından təmizlənib.
Hacıqabul-Şirvan şəhəri arasından keçən dəmiryolunun bərpası istiqamətində də işlər davam etdirilir. Komissiya sədrinin sözlərinə görə, təbii fəlakətlə bağlı 100-dən çox vətəndaş müraciət edib. 10 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. 100-dən çox toyuq-cücə tələf olub.
Təbii fəlakətdən zərər görən ərazilərə baxış keçiriləndən sonra dəymiş ziyanın miqdarı hesablanacaq.