Hacı İbrahim Nehrəmlinin qardaşının məhkəməsində zərərçəkmişlər ifadə veriblər

Hacı İbrahim Nehrəmlinin qardaşının məhkəməsində zərərçəkmişlər ifadə veriblər Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
31 Yanvar , 2019 13:29
Hacı İbrahim Nehrəmlinin qardaşının məhkəməsində zərərçəkmişlər ifadə veriblər

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Elşad Qəmbərov ifadə verib.

O bildirib ki, 2007-ci ildə S.İbrahimovun şirkətindən ev alıb, sonradan mənzilinin başqa şəxsə satıldığını öyrənib: "Prokurorluqda evimin başqasına satıldığını dedilər. Bu barədə bilmirdim. Məni heç vaxt heç kəs məzilimə görə narahat etməyib. Bu günə qədər də həmin evdə yaşayıram. Heç kimdən də şikayət və tələbim yoxdur".

Daha sonra zərərçəkmiş qismində Həlimə Ocaqverdiyeva dindirilib. O söyləyib ki, mənzili mərhum Məzahir Səfərovdan alıb: "Sonradan problem olduğunu bildim və evi satdım. Həmin adam da dedi ki, ev başqasına satılıb. Hazırda problem aradan qaldırılıb, şikayətçi deyiləm".

Zərərçəkmişlərdən Fidan Almazova ifadəsində qeyd edib ki, 2007-ci ildə aldığı mənzil sonradan başqa şəxsə - Etibar Allahverdiyevə satılıb. O, həmin şəxsin onları narahat etmədiyini söyləyib: "Əvvəlcə zərər ödənilib deyilirdi. İndi baxıram ki, həmin şəxs şikayətçidir. İstəyərdim ki, onun zərəri ödənilsin və sonra da bizə problem olmasın. Mən də şikayətimi geri götürüm".

Zərərçəkmiş E.Allahverdiyevin vəkili Xəqani İmanov zərərçəkmiş F.Almazavodan evi hansı qiymətə aldığını soruşub. Zərərçəkmiş isə evi 57500 manata aldığını deyib.

X.İmanov isə eyni evi 10 gün sonra 82 min dollara aldıqlarını bildirib.

Məhkəmənin növbəti prosesi fevralın 6-na təyin edilib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.

Son xəbərlər

Orphus sistemi