Yuxarı

Habil Vəliyevin məhkəməsində şahidlər ifadə veriblər

Habil Vəliyevin məhkəməsində şahidlər ifadə veriblər

"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən Habil Vəliyevlə vəsatətlə çıxış edib. O, bundan sonra növbəti məhkəmə proseslərinin qapalı keçirilməsini istəyib. "Mənim ötən prosesdəki çıxışım, iradlarım mətbuatda yer almadı. Həm də mənim səhhətimdə problem var. Yazılanlar mənə pis təsir edir".

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesin davamında DTX-nın həbs etdiyi "Bizim Dövr" qəzetinin baş redaktoru olmuş və hazırda cinayət işi ayrıca araşdırılan Surxay Əliyev şahid qismində ifadə verib. O, istintaqa ifadəsini təsdiqlədiyini söyləyib.

Digər şahid isə Surxay Əliyevin müavini olmuş Hikmət Nəcəfli olub. O, Habil Vəliyevi tanıdığını bildirib. Cinayət işi üzrə bir neçə epizodda onların adı ayrı-ayrı şəxslərin şantaj edilməsində keçir.

Prosesin davamında şahid Rauf İsfəndiyarov ifadə verib və Habil Vəliyevi mətbuatdan tanıdığını deyib. O, Laçın Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramil Cəbrayılovun şantaj edilməsi epizodu üzrə dindirilib.

Proses fevralın 16-da davam etdiriləcək.

Xatırladaq ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Vəliyevlə bağlı cinayət işindən ayrılıb. Həmin şəxslərin də cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi