Yuxarı

“Günəşli” yatağındakı qəzada həlak olan neftçi Edik Rzaxanov dəfn olunub - VİDEO

Edik Rzaxanov “28 May” Neft və Qazçıxarma İdarəsinin 10 nömrəli dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri vəzifəsində çalışırdı

Bakı. 8 aprel. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçi, Xaçmaz rayonunun Xudat şəhər sakini Edik Rivazin oğlu Rzaxanov aprelin 8-də dəfn olunub.

"Report" xəbər verir ki, dəfn mərasimində SOCAR-ın, rayon icra strukturlarının nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.

Mərhum neftçinin atası Rivazin Rzaxanov "Report"a bildirib ki, ümidləri tamamilə kəsilmişdi: "Sağ olsunlar ki, oğlumun meyitini tapıb bizə gətiriblər. Bütün əməyi keçən şəxslərə təşəkkür edirəm".

“28 May” Neft və Qazçıxarma İdarəsinin rəisi Rövşən Qarayev "Report"a deyib ki, dekabrın 4-də “Neft daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli dəniz özüllərində baş verən qəzalar nəticəsində itkin düşən neftçilərin axtarışı davam etdirilir və etdiriləcək. 30 yaşlı Edik Rzaxanovun cəsədi aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilib. DNT analizindən sonra aşkar edilmiş cəsədin ona məxsus olduğu müəyyənləşib".

İdarə rəisi qəza nəticəsində həlak olan neftçilərin ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu da vurğulayıb: "Ümumiyyətlə, məlum qəzada dünyasını dəyişənlərin ailələrinin bütün maddi sıxıntıları həll olunub. Bundan sonra da onların övladları yetkinlik yaşına çatana kimi dövlətin qayğısı ilə əhatə olunacaqlar. Bundan əlavə, onların bank borcları silinib".

Qeyd edək ki, Edik Rzaxanov “28 May” Neft və Qazçıxarma İdarəsinin 10 nömrəli dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri vəzifəsində çalışırdı. O, keçən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir. Edik Rzaxanov 7 il öncə neftçi kimi çalışmağa başlamışdı. Onun üç azyaşlı övladı var.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi