Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Göyçay-Cəyirli-Alpout yolunun Ləkçıplaq kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Qaraxıdır kənd sakini Şahnəzər Səlimov "QAZ-3110" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı sürücü və oğlu Nəzər Səlimov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, zərbənin təsirindən dəmir dirəyə bağlanmış 10 kilovoltluq elektrik naqilləri qırılıb. Nəticədə Ləkçıplaq, Bığır, Qaraman, Yalman, Qaraxıdır, Şəkər, Veysəlli, Alıkənd, Mırtı kəndlərinə elektrik enerjisinin verilişi dayanıb. Hazırda "Azərenerji" ASC-nin Göyçay rayon Elektrik Şəbəkəsinin əməkdaşları hadisə yerindədir.