Sentyabrın 8-də saat 18 radələrində Göyçay rayon Kürdəmiş kənd sakini 1967-ci il təvəllüdlü Şahsən Yusifovun xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Göyçay Rayon Prokurorluğundan məlumat verilib.
İlkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Novruz Mahmudovun rayonun Cəyirli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Şahsən Yusifova yumruqla zərbə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Novruz Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Report"a bildirilib ki, bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1967-ci il təvəllüdlü Yusifov Şahsən Şahlar oğlunun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Yusifova əllə xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Novruz Mahmudov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.