Oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin Goranboy rayonundakı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü Ziyad Əhmədov qətlə yetirilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, onu iş otağında bıçaqla öldürüblər.
Polis qətli törətməkdə şübhəli bilinən Mirhadi Bağırovu saxlayıb. O, həmin qurumda mühasib vəzifəsində çalışırmış.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.