Gömrük Komitəsinin sabiq əməkdaşı məhkəmədə ifadə verib

Gömrük Komitəsinin sabiq əməkdaşı məhkəmədə ifadə verib Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
25 Fevral , 2019 17:13
Gömrük Komitəsinin sabiq əməkdaşı məhkəmədə ifadə verib

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə F.Qədiməliyev, E.Məmmədov, F.Məmmədli, V.Xıdırov, C.Mehtiyev özlərini təqsirli bilmədiklərini, A.Məmmədovla A.Atanur isə özlərini qismən təqsirli bildiklərini söyləyiblər.

Təqsirləndirilən şəxslərdən yalnız Ə.Quliyev isə özünü təqsirli bildiyini deyib.

Daha sonra təqsirləndirilən A.Məmmədov sərbəst ifadə verib. O söyləyib ki, təqsirləndirilən şəxslərdən Türkiyə vətəndaşı A.Atanuru tanıyır: "Onu oğlumu məktəbə aparda tanımışam. Direktorun tanışı idi. Tanışlığımız oradan yaranıb. Sonradan bildim ki, Ateş Atanur Bakıya dərman gətirir və birinci əl onda olur. Mən də ondan alıb satırdım. Alınan malın qeydiyyatı mənlik deyildi. Sonra mən tutuldum".

Suallara cavab verən A.Məmmədov özünün də aptek açdığını və satışla məşğul olduğunu qeyd edib: "Mən "Zeytun" şirkəti ilə müqavilə bağlayıb aptek açmışdım. Dərmanları, əsasən, "Zeytun" və "Avromed" şirkətlərindən alırdım. Vergi ödəyir, rəsmi qaydada işləyirdim. Birinci əl idi və ucuz olduğu üçün də ondan alırdım. Amma niyə ucuz olduğunu bilmirdim".

Prosesdə keçmiş gömrük əməkdaşı E.Məmmədov da dindirilib. O daha əvvəl Dövlət Yol Polisində inspektor vəzisində çalışıb, Dövlət Gömrük Komitəsində isə leytenant rütbəsi ilə xidmət edib.

O deyib ki, gömrükdə işlədiyi müddətdə heç bir dərmanın qeydiyyata alınması, sənədləşməsi işinə baxmayıb: "Mən, sadəcə, malların gömrükdən çıxışına baxmışam. Skanlaşdırma şöbəsində işləyirdim və gələn malları möhürlərə uyğun izləyirdik. Gömrükdən çıxarılan malların sənədlərində iki möhür olurdu. Gömrükdən buraxılış möhürü də var idisə, biz malın çıxışına icazə verirdik".

Malları monitordan keçirərkən səhlənkarlığa yol verdiyini etiraf edən E.Məmmədov vurğulayıb ki, bütün yüklərə bir-bir baxmayıblar.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 AZN təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

DGK-nın rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Son xəbərlər

Orphus sistemi