GİZ-in keçirdiyi təlimdə jurnalistlər təltif edilib

Hadisə
  • 29 oktyabr, 2021
  • 13:46
GİZ-in keçirdiyi təlimdə jurnalistlər təltif edilib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) təşkilatçılığı ilə Bakıda jurnalistlər üçün “İnzibati qanunvericilikdə şikayət mexanizmlərinin tətbiqi və mediasiya” mövzusunda təlim keçirilib.

"Report"un xəbərinə görə, oktyabrın 29-da təşkil edilən kursun əsas məqsədi Azərbaycanda inzibati qanunvericilikdə şikayət mexanizmləri və mediasiyanın tətbiq imkanlarını KİV nümayəndələrinə dolğun şəkildə çatdırmaqdır.

Təlimdə məruzəçi qismində Mediasiya Şurasının İxtisas Komissiyasının sədri, mediator, vəkil Qasım Şaliyev çıxış edib.

Seminarın açılışında televiziya, qəzet və aparıcı informasiya agentliklərinin əməkdaşlarına təlimin məqsədi, inzibati icraat barədə ümumi məlumat verilib.

Daha sonra təlim çərçivəsində məruzəçi inzibati icraatda əsas anlayışlar, prinsiplər, inzibati orqanların hərəkət və hərəkətsizliyi, inzibati aktlar barədə danışıb.

Eyni zamanda Q.Şaliyev jurnalistləri inzibati orqanların inzibati aktlarından və ya hərəkətsizliyindən şikayət mexanizmləri, yuxarı inzibati orqanlara, məhkəməyə müraciət, mediasiyada əsas anlayışlar, prinsiplər, mediasiyanın səmərəliliyi, faydaları, mediasiya prosesi, Azərbaycanda mediasiyanın tətbiqi və ilkin mediasiya sessiyası, inzibati icraatda mediasiya barədə məlumatlandırıb.

Seminar çərçivəsində mövzu ətrafında müzakirələr aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Sonda təlim proqramını uğurla başa vuran jurnalistlər sertifikatla təltif olunublar.

Xatırladaq ki, təlimdə "Report" İnformasiya Agentliyinin redaktoru İsmayıl Nəsibli də iştirak edib.

44 - Tezliklə