Yuxarı
    Bağlamaq

    ​Gəncədəki insidentdə hakimiyyət nümayəndələrinə xəsarət yetirdiyinə görə iki nəfər tutulub

    Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılıb

    Bakı. 13 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi və Baş Prokurorluq dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Cavad xan qəsəbəsində (keçmiş Avtozavod adlanan ərazidə) inşa edilmiş qanunsuz tikililərlə bağlı Nizami Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbir zamanı bir qrup sakinin Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərməsi nəticəsində yaranmış insidentlə bağlı rəsmi məlumat yayıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a daxil olan birgə açıqlamada bildirilib ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən Nizami Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, həmçinin həmin ərazidə ictimai asayişi mühafizə funksiyalarını həyata keçirən 5 polis əməkdaşı və 1 nəfər sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, habelə polisə məxsus 3 xidməti avtomobilin şüşələri sındırılıb.

    Xəsarət alanlardan icra hakimiyyətinin başçısı və onun müavini, 1 polis əməkdaşı və 1 vətəndaş 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

    Gəncə Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, xəsarət almış şəxslərin dairəsi müəyyən olunub və digər ilkin zəruri prosessual hərəkətlər aparılıb.

    Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib və digər istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

    Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Səmədov Aqil Arif oğlu və Nağıyev Ərşad Elbəyi oğlu saxlanılıblar.

    Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi