Gəncədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib

Gəncədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib Gəncə sakinini qətlə yetirməkdə təsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
Hadisə
30 Aprel , 2021 14:36
Gəncədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib

Gəncə sakinini qətlə yetirməkdə təsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə "Report"a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

2020-ci il avqustun 28-də Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Dəmirov Yusif Fərhad oğlunun yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin qohumu Rəfiyev Seymur Natiq oğlunun Yusif Dəmirova olan borcunu qaytara bilməməsi və sonuncunun ondan borcunu tələb etməsi səbəbindən aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Rəfiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi