Gəncədə qar bəzi fəsadlar yaradıb - YENİLƏNİB

Gəncədə qar bəzi fəsadlar yaradıb - YENİLƏNİB Gəncədə ötən axşam güclü küləklə müşahidə olunan qar bəzi fəsadlar yaradıb
Hadisə
18 Fevral , 2021 12:45
Gəncədə qar bəzi fəsadlar yaradıb - YENİLƏNİB

Ötən gün axşam saatlarından başlayaraq Gəncəyə yağan güclü qar bir sıra fəsadlara yol açıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin bir sıra ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb, yağan qarın ağırlığına dözməyən ağac budaqları sınıb.

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Axşam saatlarından başlayaraq daxil olmuş məlumatlar əsasında qırılan ağac budaqları ərazilərdən təmizlənir, yollara qum-duz qarışığı səpilir, səkilər və piyada keçidləri qardan təmizlənir.

İşlərə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) xeyli sayda işçi qüvvəsi və texnikaları cəlb olunub.

MKTİB-nin rəis müavini Elşad Əsgərov bildirib ki, yağan qar çox ciddi fəsadlara yol açmayıb: “Səhər saat 06:00-dan başlayaraq şəhərin əsas küçə və prospektlərində, habelə Gəncəçay üzərində olan 5 körpüdəki avtomobil yollarına 30 tona yaxın qum-duz qarışığı səpilib. Qırılan ağac budaqlarının ərazilərdən yığışdırılması üçün 6 ədəd texnika ayrılıb və hazırda bu istiqamətdə iş aparılır. Bununla yanaşı, yerüstü piyada keçidləri qardan təmizlənir. Yol kənarına toplanan qarlar da 2 traktor və 6 avtomobil vasitəsilə ərazidən daşınır”.

Yağan güclü qar Gəncənin bir sıra ərazilərini də işıqsız qoyub. "Azərİşıq" ASC-nin Qərb Regional İdarəsinin əməkdaşları gecə saatlarından başlayaraq yaranmış fəsadların aradan qaldırılması istiqamətində iş aparırlar. Gecə və səhər saatlarında şəhərin bir çox ərazisində elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda işlər davam etdirilir.

12:20

Gəncədə ötən axşam güclü küləklə müşahidə olunan qar bəzi fəsadlar yaradıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, şəhər ərazisində ağacların budaqları qarın ağırlığından və güclü küləyin təsirindən sınaraq elektrik xətlərini sıradan çıxarıb.

Nəticədə şəhirin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Fəsadların aradan qaldırılması işlərinə başlanılıb. Avtomobil yollarında isə ciddi fəsadların olmadığı bildirilir.

Qeyd edək ki, hal-hazırda şəhər ərazisində temperatur aşağı olsada yağıntı və külək yoxdur.

Son xəbərlər

Orphus sistemi