Son günlər hava şəraitinin kəskin pisləşməsi fonunda Gəncə şəhərində əsən güclü külək müəyyən fəsadlar törədib.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, güclü küləyin təsirindən Gəncə şəhəri, Vaqif Qəmərli küçəsində yerləşən fərdi yaşayış evinin talvarının uçaraq mənzilə giriş-çıxışın məhdudlaşması və ətraf üçün təhlükə yaranması barədə FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə qeyd olunan fərdi yaşayış evinə giriş-çıxışı bərpa edərək təhlükəni aradan qaldırıblar.
Bundan başqa, Gəncə şəhəri, Gülüstan yaşayış massivində beşmərtəbəli, 6 blokdan ibarət yaşayış binasının dam örtüyünün bir hissəsinin dağılaraq yerə tökülməsi nəticəsində yaranmış təhlükə ilə əlaqədar əraziyə cəlb olunmuş nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.