Gəncə şəhərində 3 nəfərin dəm qazından ölməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə "Report"a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 8-i saat 9 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində 3 nəfər şəxsin meyitinin yaşadıqları evdə aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, 1987-ci il təvəllüdlü Məmmədova Leyla Yunis qızı 2 uşağı ilə birlikdə yaşadıqları mənzildə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.