Gəncə terrorunda zərər çəkən şəxs: "Erməni terroru 3 yaxınımı bizdən qopardı"
- 17 oktyabr, 2022
- 06:58
Yeniliklərdən dərhal xəbərdar olun!
"Erməni terroru 3 yaxınımı bizdən qopardı".
Bunu "Report"un Qərb bürosuna Vətən müharibəsi zamanı ermənilər tərəfindən Gəncədə törədilən terror hadisəsinin zərər çəkənlərindən olan Nizami Ağayev bildirib.
O, 17 oktyabr 2020-ci il gecə saatlarında törədilən terror nəticəsində qızını, kürəkənini və yaş yarımlıq nəvəsini itirib:
"Mənim qızım Züleyxa Şahnəzərova, kürəkənim Röyal Şahnəzərov və yaş yarımlıq Mədinə nəvəm şəhid olub. Onlardan bizə sadəcə Xədicə qızı yadigar qalıb. Biz Samuxda qalırıq, hadisədən bir gün əvvəl bizdə idilər. Dedilər daha ermənilər Gəncəyə atmırlar gedək evimizə. Getdilər, səhəri günü gecə saatlarında onların yaşadığı ev düşmən tərəfindən atılan ballistik raket nəticəsində darmadağın oldu və belə bir faciə baş verdi. Həmin gecə erməni terroru nəticəsində mənim yaxınlarımla yanaşı çox insanlar şəhid oldu. Şükür Xədicə xəsarət alsada, dağıntılar altından sağ çıxarıldı".
N.Ağayev qeyd edib ki, Xədicə tez-tez nənəsindən, xalasından ata-anasını, bacısını maraqlanır:
"Uşağa verəcək cavabımız da yoxdur. Hər dəfəsində bir sözlə ona təsəlli veririk. Ermənilər qədər vəhşi bir xalq tanımıram, onlar bax belə Xədicə kimi balaları ata-anasız, qardaş-bacısız qoyublar. Məni kimi atalara da övlad acısı yaşadıblar. Arzum odur ki, bunlar bir daha yaşanmasın", - N.Ağayev bildirib.
Qeyd edək ki, 17 oktyabr 2020-ci il tarixində Gəncə şəhər Muxtar Hacıyev küçəsinə Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raket atılıb. Bu terror hadisəsi nəticəsində hamısı mülki şəxslər olmaqla 15 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb, onlarla evlər dağılıb, binalara və digər infrastruktura zərər dəyib.