Yuxarı
    Bağlamaq

    Gecə klubunda “DJ” işləyən şəxs Bakı sakininin avtomobilini oğurlayıb

    Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs saxlanılıb

    Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda avtomobil oğurlamaqda şübhəli bilinən “DJ” tutulub.

    Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən bildirilib.

    Belə ki, iyunun 22-də səhər saat 12 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

    Aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə dəvət edilən zərərçəkmiş - Bakı şəhər sakini Mehdi Əliyev izahatında ötən gecə saat 4 radələrində içkili olduğundan özünə məxsus "Daevoo" markalı avtomobilini evinin yaxınlığında saxladığını, açarı da götürməyi unudaraq evinə getdiyini bildirib. Səhər qalxanda isə maşınını həmin yerdə tapmayıb.

    Dərhal 22-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu maşının tapılması istiqamətində tədbirlərə başlayıb, bu barədə DİN-in "Təhlükəsiz Şəhər" Xidmətinə müvafiq məlumat veriblər.

    Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin maşının Səbail rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinə müvafiq məlumat ötürülüb. Yol polisləri qaçırılmış maşını Səbail rayonunun T.Əliyarbəyov küçəsində saxlanıldığını aşkar edərək onu 22-ci Polis Bölməsinin əməkdaşlarına təhvil veriblər.

    Əməliyyatçılar maşını qaçıran şəxsin həmin ərazinin yaxınlığındakı gecə klublarından birində "DJ" işlədiyi barədə məlumat əldə ediblər. Şübhəli qismində saxlanılaraq 22-ci Polis Bölməsinə gətirilən şəxsin ətrafında aparılan araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Maksimov olması müəyyən edilib. O, gecə vaxtı həmin ərazidən keçərkən maşının qapısının açıq vəziyyətdə, açarının da üstündə olduğunu görərək bu əməli törətdiyini etiraf edib.

    Faktla bağlı cinayət işi başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi