Yuxarı

​Füzuli Rayon İcra Hakimiyyəti başçısının keçmiş nümayəndəsi apellyasiya şikayəti verib

İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq

Bakı. 16 iyul. REPORT.AZ/ Qanunsuz olaraq silah gəzdirmədə təqsirləndirilən Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə keçmiş nümayəndəsi Şakir Hacıyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyulun 18-nə təyin edilib.

İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu il yanvarın 14-də hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Ş.Hacıyevin paytaxtın Binəqədi rayonu ərazisində yaşadığı mənzildə axtarış aparılarkən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilərək saxlanılmış odlu silah hesab edilən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha aid içərisində 5 ədəd 9 mm kalibrli patronlar olan sandıqça aşkar edilərək götürülüb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

Qeyd olunan cinayətin Ş.Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub və barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Ş.Hacıyev 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi