Tanınmış futbolçuya qarşı dələduzluq edən şəxslərin məhkəməsində Ədliyyə Nazirliyinin əməkdaşı ifadə verib

Tanınmış futbolçuya qarşı dələduzluq edən şəxslərin məhkəməsində Ədliyyə Nazirliyinin əməkdaşı ifadə verib Bakı. 4 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
4 Yanvar , 2019 17:39
Tanınmış futbolçuya qarşı dələduzluq edən şəxslərin məhkəməsində Ədliyyə Nazirliyinin əməkdaşı ifadə verib
Report

Bakı. 4 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz BağırovEynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Ədliyyə Nazirliyinin əməkdaşı Rövşən Ağayev ifadə verib.

O bildirib ki, ev almaq üçün Ç.Bağırova 134 min manat pul verib.

R.Ağayev qeyd edib ki, mənzili aldıqdan sonra evini 2 ilə yaxın kirayəyə verib və bu zaman ərzində aldadıldığını öyrənib: "Pulu 3 dəfəyə Çingizə vermişəm, amma evdə yaşamamışam. Mən mənzili alanda da kirayədə yaşayan var idi. Kirayədə yaşayanın çıxmasını istəmədim".

R.Ağayev söyləyib ki, onu aldadanlar arasında bir nəfər Türkiyə vətəndaşı da var: "Həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilməlidir.

Hakim bildirib ki, bu barədə məhkəməyə yazılı müraciət edərsə, araşdırılacaq.

Daha sonra digər zərərçəkmiş Amin Kazımov da dindirilib. O, bir neçə dəfə zərər çəkdiyini və maddi durumunun çətin olduğunu söyləyib: "Evi aldım, təmir elədim. Bir müddət yaşayandan sonra məhkəmə qərarı ilə evdən çıxarıldım. Çünki ev daha əvvəl başqasına satılıb. Evdən əşyalarımı çıxarıb çölə tökdülər".

A.Kazımovun sözlərinə görə, həbs edilən şəxslər bu işdə əsas fiqurlar deyillər: "Əsas fiqurlar, "akulalar" başqalarıdırlar. Onlar hazırda çöldə gəzirlər".

Məhkəmə zərərçəkmişdən "akulalar"ın kimliyini soruşub. O, əvvəlcə tərəddüd etsə də, sonradan MTK sədri Emil Məhərrəmovun adını çəkib və bütün pullarının onda olduğunu qeyd edib.

A.Kazımov təqsirləndirilən şəxslərin pul qarşılığında orada xırda işlər gördüyünü deyib.

Hakim isə bildirib ki, E.Məhərrəmov da həbs edilib.

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin olunub.

İttiham akıtına əsasən, “Bakı” MTK-nın vəzifəli şəxsləri - Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

Belə ki, onlar Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar.

Həmin şəxslər bu işləri şirkətin İdarə Heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Daha sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib.

Xatırladaq ki, təqsirləndirilən Ç.Bağırov 14 il əvvəl quldurluq ittihamı ilə məhkum olunub. 

Son xəbərlər

Orphus sistemi