Fikrət Məmmədov: "Məhkumlar arasında ölüm hadisələrinin sayı azalır"

Fikrət Məmmədov: "Məhkumlar arasında ölüm hadisələrinin sayı azalır" Penitensiar Xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib
Hadisə
3 Fevral , 2015 19:55
Fikrət Məmmədov: Məhkumlar arasında ölüm hadisələrinin sayı azalır

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə nazirliyin aidiyyəti məsul şəxsləri iştirak ediblər. Bu barədə "Report"a Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev qurumun 2014-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək penitensiar sistemin təkmilləşdirilməsi, o cümlədən yeni müasir penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi üzrə tədbirlərin davam etdirildiyini vurğulayıb. Dövlət başçısının 342 məhkumun əfv edilməsi ilə bağlı sərəncamlarının vaxtında və dürüst icra edildiyi qeyd olunub.

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 372 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalan bir sıra cinayətlərin üstü açılıb, habelə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilib.

Müşavirədə cəzaçəkmə müəssisələri rəhbərlərinin çıxışları dinlənilib, qeyd olunub ki, aparılan əməliyyat-baxış tədbirləri nəticəsində hesabat dövründə 203,5 litr spirtli içki, 162 mobil telefon, 656 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar tədbirlər görülməsi üçün aidiyyəti orqanlara təqdim edilib.

Müşavirəyə yekun vuran ədliyyə naziri F.Məmmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət inkişafı kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, dinamik iqtisadi tərəqqiyə nail olunduğunu vurğulayıb, ədliyyə sisteminin müasirləşdirilməsi, o cümlədən penitensiar xidmətin işinin yaxşılaşdırılmasına dair tədbirlərə toxunaraq məhkumların hüquqlarının xeyli genişləndiyini, bu sahədə qanunvericiliyin təkmilləşdiyini, saxlanma şəraitinin yaxşılaşdırıldığını bildirib. Həmçinin, məhkumların ailələrinə yaxın ərazilərdə cəza çəkməsi və sosial adaptasiyası məqsədi ilə bölgələrdə müasir penitensiar infrastrukturun yaradılmasını, bu sahədə təsirli ictimai nəzarət mexanizminin tətbiqini, o cümlədən İctimai Komitənin səlahiyyətlərinin artırılmasını, insan hüquqlarının təminatı və islah işinin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun effektiv fəaliyyətini qeyd edib.

Məhkumların tibb təminatının xeyli yaxşılaşdığı vurğulanaraq penitensiar sistemdə məhkumlar arasında ölüm hadisələrinin sayının ilbəil azaldığı, o cümlədən vərəmə qarşı kompleks tədbirlər nəticəsində bu xəstəlikdən ölənlərin sayının əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı düşdüyü, bu sahədə müsbət təcrübənin öyrənilməsinə maraq göstərilərək 15-ə yaxın dövlətin nümayəndəsinin ölkəyə tanışlıq səfərinə gəldikləri diqqətə çatdırılıb.

Nazir bununla belə işdə mövcud olan bəzi nöqsan və çatışmazlıqlara toxunaraq məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, onlara göstərilən tibbi yardımın keyfiyyətinin daha da yüksəldilməsini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini, rejim və davranış qaydalarına dönmədən riayət olunmasını, qanunsuz əşyaların ötürülməsinin və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin görülməsini, nizam-intizamın gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.

Həmçinin islah və təlim-tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi, kadr işinin təkmilləşdirilməsi ilə bağlı və digər mühüm tədbirlər barədə aidiyyəti göstərişlər verilib.

Müşavirədə Prezidentin bu ilin yanvarın 27-də 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunan konfransda vətəndaş-məmur münasibətləri, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi, etik davranış qaydalarına ciddi əməl olunması, insanlara layiqli xidmət göstərilməsi ilə bağlı tələbləri diqqətə çatdırılaraq konkret tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi