Fevralın 16-da FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Siyəzən rayonunun Balacahəmyə kəndi ərazisində dəniz sahilində kiçikhəcmli gəmilərə texniki baxış keçirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, baxış zamanı gəmilərin texniki sənədləri, onların yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılıb.
Texniki baxış nəticəsində norma və tələblərə cavab verən asma mühərrikli nəqliyyat vasitələrinin (qayığın) sahiblərinə üzməyə icazə verən 1 il müddətinə texniki talon təqdim olunub.
Tələblərə cavab verməyən qayıqların istismarına isə qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib.
Xatırladaq ki, FHN tərəfindən gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi dair yoxlanışlar digər regionlarda da davam etdiriləcək.