Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir:
"Artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində bir nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Nəticədə azı 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb.