Bakı. 11 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda döyüş sursatının tapılması haqqında məlumat yayıb.
"Report"un Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda qazıntı işləri aparılarkən döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirərkən onun istifadəyə yararsız və təlim-tədris təyinatlı 1 ədəd 100 mm çaplı top mərmisi olduğunu müəyyən ediblər. Mərmi aidiyyəti üzrə təhvil verilib.
FHN xilasediciləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 16:24-də başa çatıb.