Fərhad Hacıyev: "Bu gün Azərbaycanda ən gənc narkotik istifadəçisi 13 yaşındadır"

Fərhad Hacıyev: "Bu gün Azərbaycanda ən gənc narkotik istifadəçisi 13 yaşındadır" Bakıda “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib
Hadisə
23 İyun , 2016 16:05
Fərhad Hacıyev: Bu gün Azərbaycanda ən gənc narkotik istifadəçisi 13 yaşındadır

Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfrans və sərgi keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə Prezident Administrasiyası, Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasına daxil olan təşkilatların səlahiyyətli nümayəndələri, Bakı şəhər rayonları komissiyalarının sədrləri, millət vəkilləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, tədbir 26 iyun - Narkotik maddələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə gününün qeyd edilməsi məqsədilə Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Prezidenti yanında Gənclər Fondu ilə birgə təşkil olunub.

Nazir müavini qeyd edib ki, gənclərin sağlamlığının qorunması daim dövlətin diqqətindədir: "Azərbaycanda bu günə qədər qəbul olunan sənədlərdə gənclərin sağlamlığı ilə bağlı xüsusi müddəalar yer alıb. Sağlam həyat tərzinin düzgün şəkildə qurulması üçün düzgün təbliğat işləri aparılmalıdır".

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev vurğulayıb ki, bu gün dünyada narkomaniya əsas bəlalardan biridir: "Narkomaniyaya düçar olanların yaşının gəncləşməsi təəssüf doğurur. Bu gün Azərbaycanda ən gənc istifadəçi qızın yaşı 13-dür. Narkomaniya sahəsində mövcud olan problemləri gündəmə gətirmək üçün fərdi layihələrin maliyyələşdirilməsində də məhz bu mövzunu işləməyə üstünlük verdik. Məhz 200-ə yaxın layihə narkomaniyaya həsr olunub. Bu problemin mövcud olduğu regionlarda layihələrin icra olunmasının tərəfdarı olduq. Məqsədimiz gəncləri sağlam həyata sövq etməkdir".

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov deyib ki, hazırda ötən ilin məlumatına əsasən, mərkəzdə 28 555 nəfər qeydiyyatda olub: "Onlardan 23 153 nəfəri dispanser, 5 402 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 592 nəfəri qadın, 158 nəfəri toksikoman, 20 036 nəfəri (437 qadın) inyeksion narkotik istifadəçilərdir. Keçən il 2 017 nəfər yeni qeydiyyata götürülüb, 2 118 nəfər isə qeydiyyatdan çıxarılıb. Mərkəzə müalicə üçün 2 833 nəfər könüllü müraciət edib. İl ərzində 48 məntəqəyə könüllü müraciət edənlərin sayı 44 278 nəfər təşkil edib. Sərxoşluq hallarının bütün növləri ilə bağlı 30 655 nəfər müayinədən keçib. Narkomaniya xroniki xəstəlikdir və sağalması uzun vaxt alır". 

Tədbirdə həmçinin qeyd olunub ki, bu ilin ilk 5 ayı ərzində Daxili İşlər Nazirliyi narkotik vasitələrlə bağlı 1 389 fakt üzrə 486 kq 646, 695 qr, Dövlət Gömrük Komitəsi 39 fakt üzrə 999 kq 968,663 qr, Dövlət Təhlükəsizlik Xidməti 7 fakt üzrə 16 kq 215,95 qr, Dövlət Sərhəd Xidməti 4 fakt üzrə 17 kq 187,189 qr, Ədliyyə Nazirliyi 17 fakt üzrə 50,943 qr narkotik vasitə və psixotrop maddələri qanunsuz dövriyyədən çıxarıb.

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib. 

Son xəbərlər

Orphus sistemi