Yuxarı
    Bağlamaq

    "Facebook" şərhi üstündə tanışına 18 bıçaq zərbəsi vuran şəxsin məhkəməsi keçirilib

    Prosesdə şahidlər ifadə verib

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elvin Muradovu bıçaqlamaqda təqsirləndirən 1998-ci il təvəllüdlü Rövşən Elşad oğlu Şahmarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    "Report"un məlumatına görə, Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

    Şahid Elçin Hacı oğlu Bayramov hadisənin zarafat nəticəsində baş verdiyini deyib: "Elvin sinif yoldaşımdır. O, mənə zəng edib dedi ki, Rövşənlə dalaşmışam və o mənə bıçaq zərbələri endirib. Dediyi ünvana gedəndə Elvinin qan içində olduğunu gördüm və təcili yardıma zəng etdim. Daha sonra onu xəstəxanaya apardılar. Xəstəxanadan çıxandan sonra Elvin hadisənin şit zarafat nəticəsində baş verdiyini bildirdi. Onların zarafatı qız şəkli üstündə baş verib".

    Təqsirləndirilən R.Şahmarov da ifadə verib: "Facebook" sosial şəbəkəsində onun bir qızla çəkdirdiyi şəklin altında yazdığım rəydən sonra aramızda mübahisə baş verdi. Ona belə şit zarafatlar etməməsini dedim. Lakin məni eşitmədi. Sonra gecə onun dediyi ünvana gedib, Elvinlə yenidən mübahisə etdim. Bundan sonra ona 18 dəfə bıçaqla zərbə endirdim. Elvinin Elçinə zəng edib oraya çağırmasından sonra isə hadisə yerindən uzaqlaşdım".

    R.Şahmarovun atası Elşad Şahmarov ifadəsində oğlunun əməlindən səhəri gün xəbər tutduğunu bildirib: "Həmin gün işdən gec gəlmişdim. Yorğun olduğumdan yatdım. Səhər qalxanda görüm ki, Rövşənin əlində yara izi var. Soruşanda bildirdi ki, əlini çörək kəsəndə bıçaqla yaralayıb. Bundan bir neçə saat sonra eşitdim ki, Rövşən Elvini bıçaqlayıb".

    Xatırladaq ki, Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdi olan R.Şahmarov E.Muradova 18 dəfə bıçaqla zərbə endirib. Xəsarət alan E.Muradov Sabunçu Rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi yardım göstərməsi nəticəsində Muradovun həyatını xilas etmək mümkün olub.

    Məhkəmə iclası sentyabrın 18-də davam edəcək.

    Qeyd edək ki, R.Şahmarov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi