Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakıda Əvəz Hafizlini qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
18 İyul , 2022 17:45
Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs özünü təqsirli bilib.

Ə.Güləliyev bildirib ki, qətlə yetirdiyi Əvəz Hafizli ilə dəfələrlə mübahisələri olub:

"Əvəz Hafizli ögey əmim oğlu idi. Nəslimizin adını batırırdı. Dedim yolundan qayıt. Əxlaqsızlıq edirdi. Həmin gün də aramızda mübahisə yarandı. 2014-cü ildən bilirdim ki əxlaqsızlıq edir. Öldürmək istəmirdim onu. Hər dəfə başa salırdım ki, yolundan qayıtsın. Hər dəfə deyirdim ki nəslimizin adını batırma. Həmin gün Əvəzgilə getdim, ona axırıncı xəbərdarlıq elədim ki, bu yoldan qayıdacaqsan. O isə mənə dedi ki, bu mənim sənətimdi, get işinlə məşğul ol. Mən də əsəbiləşdim, Əvəzin evində mətbəxdən bıçağı götürdüm. Birinci bıçağı həyətdə vurdum, sonra isə evdə bıçaqladım. Həmin vaxt özümdə deyildim. Əməlindən peşmanam, gərək öldürməyəydim".

Ə.Hafizlinin boyun nayihəsinin kəsilməsinə gəlincə isə təqsirləndirilən şəxs bildirib ki, onun başını kəsmək istəməyib: "Birinci o məni vurdu, mən də onu bıçaqla vurdum. Bıçaq boyun nayihəsinə dəydi. Əslində o məni söyməsəydi, öldürməyəcəkdim".

Prosesdə təqsirləndirilən şəxsin ifadəsi elan olunub.

O ifadəsində bildirilib ki, hadisədən 3 ay əvvəl Əvəzi öldürmək qərarı verib. Hadisə günü o Balaxanıda əmisi oğlunun işlədiyi dükana gedib ondan evdə kiminsə olub-olmadığını soruşub. Əmisi oğlu bildirib ki, Əvəz evdə təkdi, həyətdə yaşayanlar hamısı rayona gedib.

Ə.Güləliyev bundan sonra bıçağı götürüb xəbərsiz Əvəzgilə gedib. Onu həyətə çağırıb yerə yıxıb boğazına xəsarət yetirib. Daha sonra onun bədəninin müxtəlif yerlərinə bir neçə biçaq vuraraq öldürüb. Daha sonra o, polisə gedərək təslim olub.

Prosesdə ifadə verən mərhumun hüquqi varisi - qardaşı Təbriz Şıxməmmədov bildirib ki, hadisə vaxtı rayonda olub.

"Əmrulla ilə bir həyətdə böyümüşük. Onu qardaş bilmişik. Əvəzin bu işlə məşğul olmasından xəbərim olmayıb. Əvəzin nə işlə məşğul olduğunu bilmirdik. Evdən çıxıb gedirdi, bir müddətdən sonra gəlirdi. Bizə heç nə demirdi. Ailə üzvlərimin də Əmrullaya qarşı şikayəti yoxdur".

Ə.Hafizlinin hüquqi varisi, zərərçəkmiş kimi tanınan anası Cəmalə Şıxməmmədova isə bildirib ki, Əmrullanın Əvəzi qətlə yetirməsini rayonda olarkən eşidib: "Mən onu öz balamdan ayırmamışam. Əvəz yaxşı uşaq idi. Əmrulla ilə danışmırdı. Əvəzin geyimində fərq var idi. Bu biri uşaqlardan fərqli geyinirdi. Səhər gedib axşam gəlirdi. Heç kimlə işi yox idi. Əmrulla Əvəzi yatdığı yerdə öldürüb. Bütün yorğan döşək qan içində idi. Əmrullaya ən ağır cəza istəyirəm".

Ə.Hafizlinin əmisi Ceyhun Şıxməmmədovun sözlərinə görə, qətlə yetirilən şəxslə 5 il əvvəldən münasibəti olmayıb. Qətil hadisəsini rayonda eşidib.

Məhkəmədə ifadə verən Xəyal Mirzəliyev isə deyib ki, Əvəz Hafizli və Əmrulla Güləliyev onun dayısı oğlanlardır.

"Hadisə vaxtı Savalan qəsəbəsindəki evimdə idim. Zəng vurdular ki Əmrulla Əvəzi öldürüb. Bilirdim ki Əvəz cinsi azlıqdı. Amma onunla bu barədə heç bir söhbətim olmayıb",- dayısı oğlu deyib.

Məhkəmənin növbəti iclası iyulun 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Hafizlini yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib.

Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi