Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən qadın məhkəmədə son sözlə çıxış edib

Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən qadın məhkəmədə son sözlə çıxış edib Sentyabrın 14-də ona hökm oxunacağı gözlənilir
Hadisə
9 Sentyabr , 2016 17:56
Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən qadın məhkəmədə son sözlə çıxış edib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, ərini öldürmədiyini, günahsız olduğunu bildirib: "Onu öldürməmişəm. Ərimə kömək etmişəm. Xahiş edirəm ki, qanun necə tələb edirsə, elə də ədalətli qərar verilsin".

Məhkəmə heyəti müşavirəyə yollanıb. Sentyabrın 14-də davam etdiriləcək prosesdə X.İsgəndərovaya hökm oxunacağı gözlənilir.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında X.İsgəndərovaya 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur. 2015-ci il noyabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Daha sonra hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi