Yuxarı

Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirən qadın apellyasiya şikayəti verib

İşə yaxın günlərdə baxılacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərova apellyasiya şikayəti verib.

Bunu "Report"a vəkil Cavanşir Süleymanov bildirib.

Onun sözlərinə görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hadisənin mərhumun həyat yoldaşı, paytaxt sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

2015-ci il noyabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını və kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Amma hakimlər kollegiyası vəsatət təmin edib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.

Bu il senytabr ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.İsgəndərova 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi