Doqquz il əvvəl ərini öldürüb meyitini kolluğa atan qadının məhkəməsi başlayır

Doqquz il əvvəl ərini öldürüb meyitini kolluğa atan qadının məhkəməsi başlayır Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir.
Hadisə
10 Sentyabr , 2021 09:21
Doqquz il əvvəl ərini öldürüb meyitini kolluğa atan qadının məhkəməsi başlayır

Neftçala rayonunda 9 il əvvəl ərini öldürüb meyitini kolluğa atan şəxsin məhkəməsi başlayır.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Belə ki, 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilib.

09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbristanlığın yanındakı kolluq ərazidə çürümüş vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, lakin cinayəti törədən şəxsin müəyyən edilməsi mümkün olmayıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Dilşad Mənəfova 27 dekabr 2012-ci il tarixdə birgə yaşadıqları evdə olarkən saat 21 radələrində əri Mayis Mənəfov ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək qərarına gələrək sərxoş vəziyyətindən istifadə edib mətbəx bıçağı ilə onun kürək nahiyəsinə zərbə vuraraq qəsdən öldürüb, daha sonra törətdiyi cinayəti gizlətmək məqsədilə qardaşlarının köməkliyi ilə 28 dekabr 2012-ci il tarixə keçən gecə qonşuların yatmasından və ətrafda heç kimin olmamasından istifadə edib meyiti avtomobil ilə daşıyaraq qəbristanlığın yanındakı kolluq əraziyə atıb.

12.07.2021-ci il tarixdə Dilşad Mənəfova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi