Əli Kərimlinin köməkçisinin vəsatəti üzrə məhkəmə qərarı elan olunub

Əli Kərimlinin köməkçisinin vəsatəti üzrə məhkəmə qərarı elan olunub Vəsatət təmin edilməyib
Hadisə
8 Fevral , 2017 16:01
Əli Kərimlinin köməkçisinin vəsatəti üzrə məhkəmə qərarı elan olunub

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verilən şikayətə baxılıb.

Bu barədə "Report"a onun vəkili Aqil Layicov məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilməyib. A.Layicov bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi,sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib.

Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun avtomobilindən Fətullah Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb. 

Son xəbərlər

Orphus sistemi