Yuxarı

​Əli Kərimli AXCP ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 5-nə təyin edilib

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və həmin partiyanın sədri Əli Kərimli AXCP-nin qurultayının nəticələrinin tanınmaması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 5-nə təyin edilib.

İşə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, AXCP-nin 2015-ci il sentyabrın 27-də qurultayı keçirilib. Açıq səsvermə ilə Ə.Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad çıxarıb. AXCP və Ə.Kərimli həmin qərardaddan apellyasiya şikayəti verib.

Xatırladaq ki, Ədliyyə Nazirliyi eyni qərarı Razi Nurullayevlə də bağlı verib. Nazirlik R.Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də keçirdiyi etimad qurultayının nəticələrini tanımayıb. O, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də, iddia icraata götürülməyib. R.Nurullayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin məhkəmə R.Nurullayevin müraciətini təmin etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi