Yuxarı

Eldar Mahmudov mükafata layiq görülüb - FOTO

Nazirə Zəfər 2014 Yüksək İdman Nailiyyətləri mükafatı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə verilib

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Sportsman" jurnalının təsis etdiyi "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatının növbəti təqdimetmə mərasimi keçirilib. Mərasimdə Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə "Zəfər 2014" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bu barədə "Report" Milli Təhlükəsizlik Nazirliyinə (MTN) istinadən xəbər verir.

Qeyd olunub ki, MTN-də əməkdaşların döyüş hazırlıqlarının yüksək səviyyədə saxlanılmasına, fiziki sağlamlıqlarının qorunması və möhkəmləndirilməsinə, idmanla mütəmadi məşğul olmalarına xüsusi önəm verilir. Bu məqsədlə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev Akademiyasında ən müasir imkanlara malik İdman və Sağlamlıq Mərkəzi yaradılıb. 5 il ərzində fəaliyyət göstərən Mərkəzdə idmanın əksər kütləvi növləri, o cümlədən əlbəyaxa döyüş, güləş, futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış meydançaları, 25 metrlik üzgüçülük hovuzu, gimnastika, trenajor zalları, məşqçi və təlimatçı, həkim, soyunub-geyinmə otaqları və duşxanalar var. Bir sözlə, ən qabaqcıl standartlara cavab verən texniki ləvazimat və avadanlıqlarla təmin edilmiş İdman və Sağlamlıq Mərkəzində Akademiyanın kursant və dinləyicilərinin, eləcə də, nazirlik əməkdaşlarının idmanla məşğul olmaları, fiziki sağlamlıqlarını möhkəmləndirmələri, müvafiq vərdişlərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Hər il bu Mərkəzdə mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar və turnirlər keçirilir.

Belə sosial təyinatlı obyektlərin istifadəyə verilməsi Azərbaycanın güclənməsinə xidmət edəcək səriştəli və sağlam gənc kadrların yetişdirilməsi məqsədi daşıyır. Bütün bunların və son illər milli təhlükəsizlik orqanlarında maddi-texniki və təlim-tədris bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması və s. tədbirlərin nəticəsidir ki, əməkdaşların peşəkarlığı, döyüş və fiziki hazırlığı artmış, ölkənin təhlükəsizliyinin daha etibarlı təminatına zəmin yaradılıb.

Bu gün Azərbaycan idmançıları ilə yanaşı, MTN İdman və Sağlamlıq Mərkəzinin "Titan" İdman Klubunun üzvləri də respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər. Bu yarışlarda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının qələbələri ildən-ilə çoxalaraq artıq ənənəyə çevrilib. Ölkə rəhbərinin gündəlik diqqət və qayğısı, milli təhlükəsizlik naziri Eldar Mahmudovun təşkilatçılığı, nəzarət və tələbkarlığı həm əməliyyat-xidməti fəaliyyətdə, həm də əməkdaşların idman göstəricilərində öz müsbət əksini tapır, uğurlarla müşayiət olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi