“Çox sevincliyəm. Məni əfv etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Çox şükür ki, bu gün azadlıqdayam”.
“Report” xəbər verir ki, bu sözləri mayın 26-da Prezident İlham Əliyevin imzaladığı Əfv sərəncamına əsasən azadlığa çıxan Rusiya vətəndaşı Magomedov Magomedgusen İbragimoviç deyib.
Rusiya vətəndaşı cəzasının bitməyinə bir il altı ay qaldığını bildirib: “Bu gün sevinc hissi yaşayıram. 28 May - Müstəqillik Günü ərəfəsində azadlığa buraxıldım. Şükürlər olsun!”.
Qeyd edək ki, o, Astara Rayon Məhkəməsinin 2023-cü il 21 fevral tarixli hökmü ilə məhkum edilmişdi.
Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunur. Məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən üç nəfər azadlığa buraxılıb. Onların hər üçü əcnəbidir. İki nəfər Əfqanıstan, bir nəfər isə Rusiya vətəndaşıdır.
Ümumilikdə sərəncamla əfv olunanlar sırasında səkkiz nəfər əcnəbi vətəndaş var.