Bakı. 9 iyun. REPORT.AZ/ Ədliyyə naziri yanında penitensiar sahəyə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin illik hesabat iclası keçirilib. “Report” xəbər verir ki, iclasda Komitənin hazırki tərkibinin fəaliyyəti dövründə gördüyü işlər barədə məlumat dinlənilib, ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri, o cümlədən məhkumların hüquqlarının qorunması, onların islahı üzrə tədbirlərdə qurumun əhəmiyyətli töhfələr verdiyi vurğulanıb.
Daha sonra Komitənin koordinatoru Çingiz Qənizadə hesabat nitqi ilə çıxış edib. O bildirib ki, vətəndaş cəmiyyəti ilə hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlıq mexanizmi və nümunəvi model kimi təqdir olunan İctimai Komitə ötən dövrdə bu təsisata daxil olmayan digər QHT və KİV nümayəndələri, habelə Ombudsmanın Milli preventiv mexanizm qrupu ilə birgə müxtəlif cəzaçəkmə müəsissələrinə bütövlükdə 315 dəfədən artıq baş çəkib: “Komitə Məhkumların saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirib, müvafiq tövsiyələr verib. Komitənin monitorinqlərin nəticələri üzrə Ədliyyə Nazirliyinə təqdim etdiyi hesabatlar və tövsiyələr təhlil olunaraq zəruri tədbirlər görülüb. Fəaliyyətinin ilk illərində monitorinq prosesinə daha çox üstünlük verən İctimai Komitə son illər penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsini, məhkumların saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılmasını müşahidə edərək sonrakı və hazırkı dövrdə daha çox məhkumların islah olunması komponentinə diqqət yetirib və 1600-ə yaxın məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstərib”.
O qeyd edib ki, Komitə üzvləri nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın işinə cəlb olunurlar: “Bu məqsədlə Komissiyanın digər üzvləri ilə birgə, habelə məhkumların valideynləri və yaxınları, hətta zərərçəkmiş şəxslər dəvət olunmaqla cəzaçəkmə müəssisələrinə 170-dən artıq səfər edilərək məhkumlarla görüşlər keçirilib, həqiqi islah yoluna qədəm qoymuş 2900-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinərək məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 96%-i müsbət həll edilib. Bununla yanaşı, Komitə üzvləri onlara verilən yeni səlahiyyətlərə uyğun olaraq ədliyyə fəaliyyəti üzrə müxtəlif tədbirlərdə, o cümlədən Nazirliyin kollegiya iclaslarında, konfrans və seminarlarda, habelə qulluğa qəbulla bağlı müsabiqələrdə (test imtahanı və söhbət mərhələsində) yaxından iştirak edirlər. Həmçinin, ədliyyə işinin müxtəlif istiqamətləri üzrə birgə “açıq qapı” günləri keçirilir. Vətəndaş cəmiyyəti institutları nazirlikdə fəaliyyət göstərən daimi monitorinq qrupuna cəlb olunaraq ədliyyə orqanlarında və məhkəmələrdə işin təşkili vəziyyəti ilə tanış olurlar və həmçinin, bu zaman onlar ictimai rəyi öyrənmək, o cümlədən vətəndaşlarla anonim anket sorğuları aparmaq imkanına malikdir”.