DYP yük avtomobilləri və avtobus sahiblərinə xəbərdarlıq edib

DYP yük avtomobilləri və avtobus sahiblərinə xəbərdarlıq edib "Bu növ avtomobil sahibləri olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilir ki, nəqliyyat vasitələrini noyabrın 1-dək texniki baxışdan keçirsinlər"
Hadisə
26 Avqust , 2017 11:43
DYP yük avtomobilləri və avtobus sahiblərinə xəbərdarlıq edib

Bakı. 26 avqust. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edib.

"Report"un məlumatına görə, idarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, bütün növ yük və avtobus tipli avtomobillər təyin edilən qrafikə uyğun qaydada texniki baxışdan keçməlidir.

Onun sözlərinə görə, avqustun 1-dən bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçirilməsinə başlanılıb: "Hazırda Daxili İşlər Nazirliyinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzi bu tipli avtomobillərin texniki baxışdan keçirilməsinə start verib. Bu növ avtomobil sahibləri olan hüquqi və fiziki şəxslərə bir daha xəbərdarlıq edilir ki, nəqliyyat vasitələrini noyabrın 1-dək texniki baxışdan keçirsinlər. Texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Dövlət Yol Polisi hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır və bildirir ki, Diaqnostika Mərkəzində növbə yaranmaması üçün əvvəlcədən avtomobil təsərrüfatı olan müəssisələr təsdiq edilmiş qrafikə uyğun olaraq nəqliyyat vasitələrinin texniki baxışdan keçməsini təmin etsinlər".

V.Əsədov vurğulayıb ki, müasir texniki avadanlıqla təchiz edilən Diaqnostika Mərkəzi bayram günləri də daxil olmaqla səhər saat 9.00-dan axşam saat 18.00-dək fasiləsiz fəaliyyət göstərir: "Texniki baxışdan keçərkən avtomobilin əyləc sistemi, sükan idarəetmə mexanizmi, işıq sistemi, mühərrikin iş prinsipi, şüşəsilənlər və qanunla nəzərdə tutulmuş digər göstəricilər yoxlanılır".

Son xəbərlər

Orphus sistemi