Bakı. 4 mart. REPORT.AZ/ Ağdam Rayon Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları reyd keçirib. "Report"un məlumatına görə, Yol Patrul Xidməti (YPX) və Post Patrul Xidmətinin (PPX) əməkdaşlarının birgə keçirdiyi reyd rayonun girişində və Heydər Əliyev prospektində baş tutub. Reydin keçirilməsinin məqsədi yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək olub. Reyd zamanı sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları aşkar edilib. Məlum olub ki, sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşən sürücülərin əksəriyyəti gənclərdir və gənc sürücülərin avtomobili sənədsiz idarə etməklə yanaşı, yol hərəkət qaydalarını kobud şəkildə pozması müəyyən olunub.
Reyd zamanı qayda pozan sürücülərə qarşı inzibati protokol tərtib edilib və sənədsiz idarə etdiyinə görə 15 sürücünün avtomobili cərimə meydançasına aparılıb.
Qeyd edək ki, reydlər martın sonuna kimi davam edəcək.