Yuxarı

DYP həbs olunan sürücüləri ictimaiyyətə təqdim edib - VİDEO

5 ildən artıqdır avtomobili sürücülük vəsiqəsi olmadan idarə edirəm

Bakı. 18 may. REPORT.AZ/ Bakıda polisin qanuni tələbini yerinə yetirmədiyinə, avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçısının həyatına real təhlükə yaratdığına, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə məhkəmələr tərəfindən çıxarılan qərarlar əsasında inzibati həbs olunan 13 nəfər ictimaiyyətə təqdim olunub

"Report" xəbər verir ki, həmin şəxslər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) İnzibati qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov həbs olunanlarla fərdi söhbət aparıb. Həbs olunan sürücülər arasında sürücülük vəsiqəsi olmayan sürücülərə də rast gəlinib.

Onlardan biri - Şirvan şəhər sakini,  25 yaşlı  Ruslan Fərzəliyev bildirib ki, 5 ildən artıqdır avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. O, Şirvan-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olduğunu da deyib.

V.Əsədov bildirib ki, həbs olunanlardan 4-ü avtoxuliqanlığa, 4-ü polisin əmrinə tabe olmamağa, 5 nəfər avtomobili sərxoş idarə etdiyinə görə tutulub. DYP əməkdaşlarının "Saxla" əmrinə tabe olmayan daha 7 nəfərin isə axtarışları davam etdirilir.

V.Əsədov əlavə edib ki, bu kimi görüşlərin keçirilməsi ictimai qınaq metodu kimi nəzərdə tutulub: "Bu tədbirlər DYP əməkdaşları tərəfindən mütəmadi davam etdiriləcək. Məqsəd isə paytaxt sakinlərinin təhlükəsizliyini və hər bir yol hərəkəti iştirakçısının mənzil başına sağ-salamat çatmasını təmin etməkdən ibarətdir".

Qeyd edək ki, saxlanılan 13 nəfərə məhkəmə qərarı ilə 15 gündən 30 günə qədər müddətlərdə inzibati həbs cəzası verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi