“Əgər kiminsə icazə portalında məlumatı yerləşdirilibsə, bu, o demək deyil ki, həmin şəxs inzibati ərazilərdə tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi zonasından digər rayonlara gedə bilər”.
"Report" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Digər rayonlara getmək üçün mütləq ezamiyyə sənədi olmalıdır. Verilən icazələr inzibati ərazilərin daxilinə aiddir. Həmin şəxslər tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi zonası olmayan ərazilərə getməyə cəhd etməsinlər. Həmin şəxslər gedib postlarda da sıxlıqlar yaradırlar. Xidməti zərurət olarsa, həmin şəxslər rəhbərlikləri tərəfindən verilən müvafiq ezamiyyə ilə buraxılacaqlar. Ezamiyyəsi olan şəxslər karantin postundan buraxılacaq. Onlar da avtomobillərində ailə üzvlərini aparmasınlar. Yalnız ezamiyyəsi olan şəxslər postlardan buraxılacaq. Avtomobillərdə olan digər şəxslərin rayonlarda və ya əks istiqamətdə qeydiyyat yeri yoxdursa, karantin postlarından buraxılmayacaqlar”, - o bildirib.