Bakı. 29 dekabr. REPORT.AZ/ Bayram günlərində Bakı şəhərinin mərkəzi küçələrində iritonnajlı yük maşınlarının hərəkətinə qadağa qoyulacaq. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.
"Adi günlərdə verilən əmrə əsasən, yük maşınlarının mərkəzi küçələrdə hərəkətinə gecə saat 21:00-dan səhər saat 08:00-dək icazə verilir. Amma bayram günlərində şəhər əhalisinin istirahətinin səmərəli təşkil edilməsi, həmçinin mərkəzi küçələrdə insanların sayının artacağı, mədəni-kütləvi bayram tədbirlərinin əsasən şəhər mərkəzindəki park və meydanlarda keçiriləcəyi nəzərə alınaraq yük maşınlarının axşam saatlarında da şəhər mərkəzinə daxil olması məhdudlaşdırılacaq", - V.Əsədov bildirib.
O, yük maşınları sürücülərinə alternativ yollardan istifadə etməyi məsləhət görüb.
Qeyd edək ki, yük maşınlarının Bakının mərkəzi küçələrində hərəkəti bayram günləri başa çatandan sonra yenidən əvvəlki qaydada tənzimlənəcək.