Baş Dövlət Yol Polisi İdarəsinin dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.
İdarənin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev "Report"a bildirib ki, hazırda mövsümlə əlaqədar yollarda palçıq və çirkli suların yaranma ehtimalı artdığından sürücülər avtomobillərinin, xüsusilə onların dövlət qeydiyyat nişanlarının təmizliyinə diqqət ayırmalıdırlar:
"Lakin təəssüf ki, bəzi sürücülər havaların yağışlı, çisginli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir".
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, qanunvericiliyin tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və cərimə məbləği 40 manat olmaqla inzibati məsuliyyət yaradır", - DYP rəsmisi vurğulayıb.