Dünyamin Xəlilovun məhkəməsində Beynəlxalq Bankın İdarə Heyəti sədrinin müşaviri dindirilib: "Kreditlərə Cahangir Hacıyev razılıq verib"

Dünyamin Xəlilovun məhkəməsində Beynəlxalq Bankın İdarə Heyəti sədrinin müşaviri dindirilib: "Kreditlərə Cahangir Hacıyev razılıq verib" Məhkəmənin növbəti prosesi aprelin 6-na təyin edilib
Hadisə
30 Mart , 2017 17:51
Dünyamin Xəlilovun məhkəməsində Beynəlxalq Bankın İdarə Heyəti sədrinin müşaviri dindirilib: Kreditlərə Cahangir Hacıyev razılıq verib

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nizami Həmidov ifadə verib.

O, "İntertekstil" şirkətində mexanik vəzifəsində işlədiyini deyib. N.Həmidov şirkət üçün adına 200 min manat kredit götürüldüyünü söyləyib.

Daha sonra şahid qismində Beynəlxalq Bankın Kredit Komitəsinin sabiq sədri, hazırda həmin bankın İdarə Heyətinin üzvü Akif Əliyev dindirilib. O, Kredit Komitəsinin sədri olarkən bir dəfəyə 2 milyon 400 min manata qədər kreditin verilməsinə səlahiyyəti olduğunu bildirib: "Dünyamin Xəlilovun işi üzrə ayrılan kreditlərə bankın keçmiş rəhbəri Cahangir Hacıyev razılıq verib. Dünyamin Xəlilovu bankın layihələrini həyata keçirən məsul şəxs kimi tanımışam. Layihələri Dünyamin müəllim təqdim edirdi. Cahangir Hacıyevlə razılaşdırıldıqdan sonra kredit verilirdi. Mən isə həmin vaxt 5 min manat maaş alırdım".

Şahid qismində hazırda Beynəlxalq Bankın İdarə Heyətinin sədrinin müşaviri olan Emin Mustafayev ifadə verib. O, əvvəllər bankın keçmiş sədri, hazırda həbsdə olan C.Hacıyevin müavini, bir müddət isə bankın Kredit Komitəsinin sədri vəzifəsində çalışdığını qeyd edib. E.Mustafayev Kredit Komitəsinin sədri vəzifəsində çalışarkən C.Hacıyev tərəfindən göstəriş aldığını bildirib: "Mən kreditlərin verilməsinə icazə sənədini imzalayıb, filiallara çatdırmışam. Kreditlər də fiziki şəxslərin adına rəsmiləşdirilirdi. Amma özlərinə verilməyib, əvvəlki kreditlərin ödənilməsinə yönəldilirdi. Bu, sözsüz ki, qanun pozuntusu idi. Lakin Cahangir Hacıyevin göstərişi belə idi. Cahangir Hacıyevin göstərişindən sonra şirkətlərin fəaliyyətinə Dünyamin Xəlilov nəzarət edirdi".

Şahid qismən İlqar Abdullayev dindirilərkən C.Hacıyevlə birlikdə həbs edildiyini, məhkəmədə şərti cəza alaraq, azadlığa buraxıldığını söyləyib. O, "İntertekstil" şirkətinin işçilərinə 2012-ci ildə kredit ayrılanda Beynəlxalq Bankın Mərkəz filialının müdir müavini olduğunu, 2014-2015-ci illərdə isə həmin filialın müdiri vəzifəsində çalışdığını deyib: "Fiziki şəxslərin adına ayrılan 200 minlik kreditlər Emin Mustafayevin göstərişi ilə verilib. Onun göstərişi ilə bir neçə nəfər filiala gəlib, onlara kredit verilib".

Digər şahid Anar Sultanov ifadəsində bildirib ki, C.Hacıyevlə birlikdə mühakimə olunub, daha sonra şərti cəza alanlaraq, azadlığa buraxılıb. O, Beynəlxalq Bankın Mərkəz filialının keçmiş rəhbəri olduğunu, çalışdığı dövdrə 5 minə qədər kreditlərin ayrılmasına təkbaşına qərar verəcək səlahiyyətinin olmadığını ifadə edib.

Məhkəmənin növbəti prosesi aprelin 6-na təyin edilib.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qətimkan tədbiri və digər şəxslərin barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsini 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə),213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.

İttiham aktında göstərilib ki, D.Xəlilov, Ş.Musayev və S.Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin - 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.
Bundan başqa, cinayət işində qeyd edilib ki, D.Xəlilov, M.Zeynalov, F.Əmiraslanov, Ş.Musayev, R.Əsgərov və Rauf Əliyev "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslərdən yalnız sabiq deputat D.Xəlilov vergi ödəməkdən yayınıb. Belə ki, onun 1 milyon 752 min 359 manat pulu dövlət büdcəsinə ödəmədiyi göstərilib. Müvafiq qaydada qaldırılan mülki iddiaya görə, D.Xəlilovun həmin pulu dövlət büdcəsinə ödəməsi tələb olunur.
Zərərçəkmiş qismində tanınan iki bank və bir dövlət qurumu tərəfindən təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 90 milyon 467 min 544 manat mülki iddia qaldırılıb.

Xatırladaq ki, ötən il "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi