Yuxarı
    Bağlamaq

    ​Dubaydan Bakıya gələn qadının baqajında sənədsiz qızıllar aşkarlanıb

    Bunlar ümumi çəkisi 314,57 qram olan və 750 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır

    Bakı. 9 aprel. REPORT.AZ/ Dubay-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Sevinc Şirinovaya məxsus baqajdan 314,57 qram zərgərlik məmulatları aşkar edilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, S.Şirinovaya məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda zərgərlik məmulatlarına oxşar predmetlərin təsviri görünüb.

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman S.Şirinovaya məxsus əl çantasından qabaqcadan gömrük nəzarətinə təqdim olunmayan, nə elektron, nə də yazılı formada bəyan edilməyən 11 cüt sırğa, 4 ədəd üzük, 2 ədəd boyunbağı, 4 ədəd qolbağ, 5 ədəd kulonlu boyunbağı aşkar olunub.

    Sonra isə S.Şirinovanın üzərində aparılmış şəxsi yoxlama zamanı gömrük nəzarətinə təqdim olunmayan 2 ədəd bilərzik, 2 ədəd boyunbağı və 1 cüt sırğa aşkar edilib.

    Faktla bağlı izahatında S.Şirinova aşkar edilən zərgərlik məmulatlarını Dubay şəhərindən aldığını bildirib, həmin əşyaları bəyan etməməsinin səbəbini isə qanunvericiliyi bilməməsi ilə əlaqələndirib.

    Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 314,57 qram olan və 750 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi