DTX-nin Akademiyasının yaranmasının 25 illiyi qeyd olunub

DTX-nin Akademiyasının yaranmasının 25 illiyi qeyd olunub Dekabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının (Akademiya) yaranmasının 25 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib.
Hadisə
2 Dekabr , 2023 10:23
DTX-nin Akademiyasının yaranmasının 25 illiyi qeyd olunub

Dekabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının (Akademiya) yaranmasının 25 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib.

Bu barədə "Report"a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri, DTX-nin rəhbər heyəti və əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və təhlükəsizlik orqanlarının veteranları iştirak etmişlər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilmişdir.

Sonra Akademiyanın 25 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilmiş, ardınca çıxış üçün söz DTX-nin rəisi general-polkovnik Əli Nağıyevə verilmişdir.

Qonaqları salamlayaraq Akademiyanın professor-müəllim heyətinə və kursantlarına təbriklərini çatdıran Xidmət rəisi 25 il bundan əvvəl - 1998-ci il dekabrın 1-də Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə xüsusi xidmət orqanları üçün ali təhsilli kadrların hazırlanması məqsədilə təhlükəsizlik orqanının Akademiyasının yaradılmasının, eləcə də 25 illik yubileyinin məhz Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi ilə təsadüf etməsinin bu orqanların tarixində mühüm hadisə olduğunu vurğulamış, hazırda təhsil ocağında Heydər Əliyevin peşəkarlıq məktəbinin və vətənpərvərlik irsinin sadiq davamçılarının yetişdirildiyini diqqətə çatdırmışdır. Mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanları qarşısında Ulu Öndərin əvəzsiz xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabr ayının 20-də imzaladığı Fərmanla Akademiyaya dahi şəxsiyyət Heydər Əliyevin adının verilməsinin isə təhlükəsizlik orqanlarının tarixinə növbəti əlamətdar hadisə kimi daxil olduğunu qeyd edən general-polkovnik Əli Nağıyev bildirmişdir ki, bu gün DTX-nin və Akademiyanın şəxsi heyəti öz fəaliyyətini Ümummilli Liderin amalları və ideyaları üzərində qurmaqdadır.

DTX-nin rəisi Əli Nağıyev Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ötən müddət ərzində Akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsilin müasir tələblərə uyğun şəkildə təşkil edilməsi, çağdaş texnoloji yenilikləri uğurla tətbiq etməklə tədris prosesinin səviyyəsinin yüksəldilməsi yönümündə görülən işlərdən ətraflı danışmış, son illərdə Akademiyanın kursantlarının ölkəmizin aparıcı ali təhsil müəssisələri arasında keçirilmiş müxtəlif bilik yarışlarında ardıcıl olaraq qalib adını qazanmasının qürurverici hal olduğunu demişdir.

Daha sonra digər qonaqlar da çıxış edərək Azərbaycanda təhsil-tədris sahəsində aparılan islahatlardan, Akademiyanın bu strateji sektorun inkişafına verdiyi töhfələrdən bəhs etmiş, professor-müəllim heyətinə və kursantlara çətin və şərəfli yolda uğurlar arzulamışlar.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlara mədəniyyət və incəsənət xadimlərinin ifasında bədii proqram təqdim olunmuşdur.

Akademiyanın yaranmasının 25 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər dekabrın 2-də “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcıdır” adlı elmi-praktiki konfransla davam edəcəkdir.

Son xəbərlər

Orphus sistemi