Bakı aeroportunda saxta sənədlərlə ölkəyə gələn və çıxmaq istəyən şəxslər saxlanılıb

Bakı aeroportunda saxta sənədlərlə ölkəyə gələn və çıxmaq istəyən şəxslər saxlanılıb Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, qanunsuz miqrasiya ilə mübarizə sahəsində fəaliyyətlər davam etdirilir.
Hadisə
15 Mart , 2022 10:22
Bakı aeroportunda saxta sənədlərlə ölkəyə gələn və çıxmaq istəyən şəxslər saxlanılıb

Bakıda aeroportunda saxta sənədlərlə ölkədən çıxmaq istəyən şəxslər saxlanılıb.

Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yalnız son 5 gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 6 halda 9 əcnəbi və 1 nəfər Azərbaycan vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

Mart ayının 11-də İzmir-Bakı reysi ilə ölkəmizə gələn 2 nəfər İran vətəndaşı, 1990-cı il təvəllüdlü Panahkivaj Saeid Hassan və 1980-ci il təvəllüdlü Fallahi Habib Najafın sərhəd naryadına təqdim etdikləri Fransa və Yunanıstana məxsus pasportların həqiqiliyi şübhə doğurduğundan, əsaslı yoxlama zamanı pasportların saxtalaşdırılması müəyyən edilib.

Martın 12-də Türkiyə vətəndaşı, 2000-ci il təvəllüdlü Demirkıran Çekdar İzmir-Bakı reysi ilə qanuni sənədlərlə Azərbaycana gəlib tranzitlə “Bakı-London” istiqamətində uçub gedərkən Türkiyə pasportu ilə yanaşı, təqdim etdiyi Böyük Britaniya yaşayış kartının saxta olması aşkarlanıb.

Həmin gün Bakı-London reysinin rəsmiləşdirilməsi zamanı İran vətən­daşı, 1996-cı il təvəllüdlü Natoori Saranın pasport nəzarətinə təqdim etdiyi Böyük Britaniya pasportunun həqiqiliyi şübhə doğurub, səyahət sənədinin əsaslı yoxlanılması zamanı pasportun saxtalaşdırılması müəyyən­ləşdirilib.

Martın 14-də Doha-Bakı reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşları - 1981-ci il təvəllüdlü Al Baiti Ali Hasan Ali, 1983-cü il təvəllüdlü Al Kumaim Reem Al Sharif Mohammed Ali, 2010-cu il təvəllüdlü Al Baiti Tamer Ahmed Hasan, 2013-cü il təvəllüdlü Al Baiti Yazan Ahmed Hasan və 2016-cı il təvəllüdlü Al Baiti Rawan Ahmed Hasanın Malayziya pasport­larının saxtalaşdırılması aşkarlan­ıb.

Martın 15-də Bakı-İstanbul-Nyu-York reysinin rəsmiləşdirilməsi zamanı Azərbaycan vətən­daşı, 1998-ci il təvəllüdlü Səidi Vüqar Nicat oğlunun ABŞ vizasının saxtalaşdırılmış olması müəyyən­ləşdirilib.

Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi