Gəncə. 20 iyun. REPORT.AZ/ Qərb bölgəsində müşahidə olunan leysan yağışları sonradan Gəncənin Hacıkənd qəsəbəsində doluya çevrilib.
"Report"un qərb bürosu xəbər verir ki, güclü dolu səbəbindən qəsəbənin infrastrukturuna ciddi ziyan dəyib.
Dolunun ölçüsü 3 antimetrə çatıb. Nəticədə 126 evdən 114-nün dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub. Eyni zamanda sosial obyektlərə, əkin sahələrinə və 15-dək avtomobilə ziyan dəyib. Habelə qoşa bulaq yararsız hala düşüb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində olub, təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı göstərişlərini verib. Dəyən ziyanın miqdarını müəyyənləşdirmək və fəsadları aradan qaldırmaq üçün şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri Hacıkənddə tədbirlərə başlayıb.







