Şirkət direktorunun otağına qumbara atan şəxsin məhkəməsində şahidlər ifadə veriblər

Şirkət direktorunun otağına qumbara atan şəxsin məhkəməsində şahidlər ifadə veriblər Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərinin otağına qumbara ataraq qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə proses keçirilib.
Hadisə
5 İyul , 2019 13:55
Şirkət direktorunun otağına qumbara atan şəxsin məhkəməsində şahidlər ifadə veriblər

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərinin otağına qumbara ataraq qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə proses keçirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Azkompozit” MMC-də mütəxəssis işləyən Ziya Məmmədov ifadə verib.

Hadisə bu ilin mart ayında Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətində baş verib. Ş.Astanov şirkətin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələrək əvvəlki işinə - idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə bərpa olunmasını tələb edib. Ş.Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıq səbəbindən partlayış baş verməyib.

Şahid bildirib ki, hadisə günü işdə olan zaman müdir Rəsul Baxşəliyevin köməkçisi Aynurun qışqırığına otağa qaçıblar: "Gördük ki, Rəsul müəllim Şirin dayının bir əlindən tutub, digər əlini də dizinin altına qoyub. Biz onları sakitləşdirməyə çalışdığımız zaman qumbara ayağımın arasından keçdi. Sonra mühafizəçi Rəşad gəlib Şirin müəllimi apardı".

Ziya Məmmədov əlavə edib ki, hadisədən dərhal sonra şirkətə polis əməkdaşları gəlib və hadisə yerinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşlarını dəvət ediblər. Onlar qumbaranı ərazidən uzaqlaşdırıblar.

Şahid qumbaranı ayağı ilə vurduğunu və qaz iyi hiss etdiyini bildirib.

Zərərçəkmiş Rəsul Baxşəliyevin köməkçisi Aynur Quliyeva da şahid qismində ifadə verib. O bildirib ki, hadisə günü Şirin Astanov şirkətə gələrək Rəsul Baxşəliyevlə görüşmək istəyib, direktor isə deyib ki, əgər işlə bağlı sualı varsa, aşağı mərtəbədəki kadrlar şöbəsinə getsin. Bir qədər sonra Ş.Astanov yenidən qayıdaraq, köməkçini itələyərək direktorun otağına keçib və qapını arxadan bağlayıb. "Mən də qışqırdım, Ziya və digər işçilər gəldi. Biz otağa keçəndə Şirin dayı yerdə idi. Rəsul müəllim onun əllərindən turmuşdu".

A.Quluyeva qumbaranı görmədiyini, ancaq qaz iyi hiss etdiyini qeyd edib.

Şirkətdə mühafizəçi işləyən Rəşad İbadov ifadəsində deyib ki, Şirin Astanovu müdirin otağından çıxardıqdan sonra çıxışda olan mühafizə otağına aparıb.

"Şirin dayını yolda aparanda soruşdum ki, bu nə məsələdir? Dedi ki, bezmişdim. Mənə dedi ki, qumbara partlayan deyil, qorxutmaq üçün atıb. Mən onu digər mühafizəçinin yanında qoyub geri qayıtdım", - şahid söyləyib.

Şirin Astanov isə əlavə edib ki, həmin vaxt mühafizəçilər onu döyüb.

Rəşad İbadov isə buna etirazını bildirib və doğru olmadığını bildirib: "Hələ Şirin dayının əl-üzünü şəxsən mən yudum. Sonra da öz postuma qayıtdım. Şirin dayının xətrini hamı çox istəyirdi. Elə indi də çox istəyirik. Hamı ona "Şirin dayı" deyə müraciət edirdi. Hər kəslə də mehriban idi. Belə bir hadisənin necə olduğunu da bilmirəm".

Proses davam edəcək.

Ş.Astanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi