Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev işdən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, R.Qarayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
DİN-in Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, R.Qarayev 1960-cı ilin iyul ayının 1-də Laçın rayonunun Kürdhacı kəndində anadan olub. Həmin rayonun Alxaslı kəndindəki orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Bakı şəhərində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.
1979-81-ci illərdə keçmiş SSRİ DİN-in Ukrayna və Moldovadakı Daxili Qoşun hissələrində həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra müxtəlif tikinti təşkilatlarında çalışıb.
1984-cü ilin may ayının 1-də əmək kollektivinin zəmanəti ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə qəbul olunub. Təxminən 5 il sıravi əməkdaş kimi xidmət etdikdən sonra hüquq təhsili almaq üçün keçmiş SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilib. 1996-cı ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
Müxtəlif vəzifələrdə, o cümlədən tağım komandiri, baş inspektor, nazirliyin orqanı olan “Mübariz keşikdə” qəzetinin müxbiri, Mətbuat xidmətinin inspektoru, bölmə rəisi, İdarə rəisinin müavini vəzifələrində xidmət edib.
35 illik xidməti dövründə bir çox mükafatlara, o cümlədən fəxri fərmanlara, DİN-in “Əla xidmətlərinə görə” döş nişanına, “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsinə, “Azərbaycan Polisinin 95 illiyi”, “Azərbaycan Polisinin 100 illiyi” yubiley medallarına layiq görülüb. 2007-ci ildə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Ailəlidir, iki qız övladı, iki nəvəsi var.