Gədəbəy Rayon Polis Şöbəsində Rauf İlham oğlu İmanovun həmkəndliləri olan üç qardaş tərəfindən döyülməsi faktı ilə bağlı araşdırma başlanılıb.
Bu barədə "Report"un Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, Gədəbəy rayonunun Böyük Qaramurad kənd sakini Rauf İmanovun əmisi qızına elçi düşən şəxs başqasına ərə verildiyinə görə qızın yaxınlarını təhqir edib. Bu zaman R.İmanov məsələyə müdaxilə edib və tərəflər arasında mübahisə yaranıb. O, Amin, Alim və Aliq İsmayılov qardaşları tərəfindən əvvəlcə döyülüb, daha sonra ağaca bağlanılıb.
Faktla bağlı araşdırmalar başlanıb, tibbi ekspertiza təyin edilib. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.