Yuxarı

DİN üç yaşlı Zəhranın tapılması ilə bağlı rəsmi məlumat yayıb - VİDEO - YENİLƏNİB-3 - FOTO

DİN üç yaşlı Zəhranın tapılması ilə bağlı rəsmi məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Zəhranın valideyni Rəsul Bağırzadə uşağın tapılmasında göstərdikləri xidmətlərə görə daxili işlər orqanlarının hər bir əməkdaşına öz təşəkkürünü bildirib.

R.Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynləri bu barədə polisə məlumat veriblər.

Qeyd edək ki, uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatı və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir. 


*** 15:27

Bakıda iki gün əvvəl itkin düşən və bu gün tapılan üç yaşlı Zəhra Bağırzadəni oğurlayan şəxs tutulub. 

"Report"un məlumatına görə, həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır.


*** 13:34

Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə polisin intensiv axtarışları nəticəsində tapılıb. 

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi Elşad Hacızadə məlumat verib. 

Hazırda hadisənin təfərrüatı öyrənilir. 


*** 12:33

Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırzadənin axtarışlarını intensiv şəkildə davam etdirir.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən məlumat verilib.

Z.Bağırzadəni görənlərdən yaxınlıqdakı polis bölməsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin polisun araşdırması nəticəsində həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi